Rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədlərindən, verilənlər bazasından, təsvirlərdən, səsli və qrafik materiallardan, proqram təminatı və vebsəhifələrdən ibarətdir. Rəqəmsal informasiyanın sürətli artımı, verilənlərin müxtəlifliyi unikal verilənlər strukturunun vaxtında analiz edilməsi, daha uyğun, dolğun axtarışı və emalı zərurətini yaratmışdır. Bu məqsədlə məqalədə qeyri-ənənəvi verilənlər strukturuna malik böyük verilənlərin emalı zamanı süni intellektə əsaslanan alqoritmlərin xüsusiyyətləri analiz olunmuşdur. Müəyyən edilmişdir ki, axtarışın keyfiyyətinin yaxşılaşdırılması, verilənlərin həcminin böyüklüyü, istifadəçi sorğularının axınının intensivliyi ilə bağlı məsələlərin həlli zamanı süni intellektə əsaslanan alqoritmlərdən istifadə olunması zəruridir. Eyni zamanda məqalədə axtarış alqoritmləri təhlil olunmuş, onların problemləri təsnifatlandırılmış və axtarış sistemlərinin imkanlarının maksimum istifadəsi üçün potensial həllər təklif edilmişdir.