Soyuq fəsillərdə neft və neft məhsullarının magistral boru kəmərlərilə nəqli və istimarı zamanı axıcılıq qabiliyyətlərinin saxlanılması çox vacibdir. Donma temperaturu neft və neft məhsulunun normal şəraitdə axıcılıq xəssəsini itirdiyi temperatur sayılır. Özlü mayelərdə struktur quruluşların əmələ gəlməsi nəticəsində özlü maye halından mürəkkəbləşmiş quruluşlu maye halına keçməsi nəticəsində axıcılıq xassəsi itir. Parafin karbohidrogenlər və serezinlər temperaturun aşağı düşməsi nəticəsində kristal mərkəzlər yaradaraq faza keçidinə məruz qalırlar. Həmin parafin kristalları kristallik tor, karkas əmələ gətirir. Donma xüsusiyyəti göstərməyən neft məhsulu karkas quruluşun içində qalır və axa bilmir. Belə kristalların forması neft və ya neft məhsulunun karbohidrogen tərkibindən, karbohidrogenin neftdə miqdarından, özlülük isə verilmiş temperaturda parafin karbohidrogenlərinin həll olmasından və sistemin soyuma sürətindən asılıdır. Bərk parafin karbohidrogenlərinin donması ilk olaraq kristal mərkəzlərin yaranması ilə deyil, bulantının müşahidə olunması ilə başlayır.
Beləliklə, ilk dəfə olaraq laboratoriya şəraitində müxtəlif təyinatlı kimyəvi reagentlərdən yeni kompozisiyalar hazırlanmış və onların ağır neft nümunəsinin reoloji parametri olan donma temperaturuna təsiri tədqiq edilmişdir. Təcrübələr zamanı şərti adları AH-1, AH-2, AH-3, AH-4, AH-5 olan kompozisiyalarının 200, 300, 400, 500, 600q/t qatılıqlarından və “Difron-4201” aşqarının 200, 300, 400, 500, 600, 700q/t , “Difron-3907” aşqarının isə 250, 350, 450, 550, 750q/t qatılıqlarından istifadə edilmişdir.
Fərdi reagent və kompozisiyaların qeyd olunan miqdarlarının təsirindən neft nümunəsinin donma temperaturu +22ºC-dən uyğun olaraq +5, +1, -4, -3 və -7ºC-kimi aşağı düşmüşdür. Məlum olmuşdur ki, fərdi reagentlərlə müqayisədə kompozisiyalar daha çox effektivdir və ən yaxşı təsir effektinə isə məhz AH-5 kompozisiyası malikdir.
Açar sözlər: kompozisiya, reagent, depressor aşqar, donma temperaturu, parafin karbohidrogenlər, asfalten, qatran.