TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ Xülasə Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dövrümüzdə icra edilməsi və ya unudulmasını ortaya çıxarmaqdır. Tədqiqata məhz bu bölgələrin cəlb edilməsinin əsas səbəbi bölgənin folklorik xüsusiyyətləri baxımından zəngin olması və müasir dövrdə də müəyyən mənada bu xüsusiyyətlərin qorunub saxlanılmasıdır. Araşdırma zamanı məlumat toplama vasitəsi kimi müvafiq mənbələrdən, internet reasusrlarından məlumatlar əldə olunmuş, eyni zamanda müsahibə metodundan istifadə edilmişdir. İnformatorlardan əldə edilən məlumatlar elmi ədəbiyyatlarda yazılanlara daha yaxşı işıq tutmaq üçün önəmli vasitə olmuşdur. Tədqiqatda əsas problem olaraq İğdır və Qarsda icra edilən mövsüm mərasimləri və bu mərasimlərdə ifa olunan nəğmələrin əsas xüsusiyyətləri nəzərdən keçirilir.Qədimdə icra edilən mərasimlərdən "Kepşegelin", "Üzərliksalma", "Dodu", "Musalla", "Hıdır Ellez" kimi mövsüm mərasimləri Azərbaycan türklərinin yaşam tərzində önəmli yeri olan ayinlər olmuşdur.İğdır-Qars bölgəsinin folklorunun, xüsusən məişət və mərasim ayinlərində istifadə edilən ayrıayrı janrların dil, forma, ifa üslubları onların musiqi ilə sıx bağlı olmasını üzə çıxarır. Ona görə də bu bölgələrin, ümumiyyətlə götürüldükdə Türkiyənin Şərq bölgəsinin zəngin və rəngarəng ənənəvi mədəniyyətinin araşdırılıb üzə çıxarılmasında folklorun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.