Yeraltı qaz anbarlarının mədənlərində istismar edilən qaz və qazkondensat yataqlarının məhsullarının tərkibində suyun, mineral duzların və turş komponentlərin (H2S, CO2) olması sistemdə texnoloji çətinliklər yaradır (hidrat birləşmələri, korroziya və duz çökmələri). Bu da, öz növbəsində qazın yığılması, nəqlə hazırlanması qurğularının və magistral qaz kəmərlərinin iş rejimini pozmaqla yanaşı, qəza vəziyyəti yaratmaqla külli miqdarda qaz itkilərinə və ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Karbohidrogen qazlarının saxlanma anbarlarında yığılması və nəqlə hazırlanması quğularının istismar göstəricilərinin yaxşılaşdırılması və nəql edilən qazın keyfiyyət göstəricilərinin artırılması yeraltı qaz anbarlarının əsas problemlərindən biridir. Bu problemlərin aradan qaldırılması məqsədi ilə müasir texnologiyanın tətbiqi, qazın nəqlə hazırlanması və nəqli texnologiyasının təkmilləşdirilməsi, reagentlərin sərf normalarının optimallaşdırılması, mövcud avadanlıqların səmərəliliyinin yüksəldilməsidir. Qazın yığılması və nəqlə hazırlanması texnoloji itki mənbələri, sərf olunan səthi aktiv maddələrin sərf normalarının azaldılması məqsədi ilə qaz fazada qalan reagentlərin regenerasiya edilərək sistemə qaytarılması araşdırılması vacibdir. Qaz hidratları buz şəkilli kristal formada olmaqla, onların xarici görünüşü sulu qar formasında olur. Qaz hidratları yaranma xarakterinə görə təbii və texnogen qrupa ayrılır. Təbii hidratlar 0,17 MPa təzyiqdə və 10 0C-dən aşağı temperatur olan yerlərdə əmələ gəlir. Texnogen hidratların qaz-mədən sistemlərində əmələ gəlmə ehtimalı yüksəkdir. Onlar quyudibi zonada, kollektorlarda, qaz hazırlanma qurğularında, magistral qazötürücü sahələrdə, qazpaylanma stansiyalarında və digər yerlərdə əmələ gəlir. Müəyyən təzyiq və temperaturda hidratın əmələ gəlməsi qazın su buxarı ilə doyması nəticəsində baş verir və onun dağılması o halda olur ki, su buxarının elastikliyi tədqiq olunan hidratın parsial elastikliyindən aşağı olsun. Qazın hasilatı, hazırlanması, nəqli və istehlakçıya ötürülməsi proseslərində hidratkristallaşmanın baş verməsi texnoloji əməliyyatın pozulması ilə nəticələnərək ciddi problemlərin yaranmasına səbəb olur. Hasil olunan qazların tərkibində turş qazların miqdarı H2S-3,5 % və CO2- 5,6 % olanda hidratəmələgəlmə sürətlənir. Karbohidrogen qazlarının əmələ gətirdiyi hidrat birləşmələrinin qarşısını almaq üçün qaz yığım və nəqlə hazırlanma sisteminə səhti aktiv maddələr vurulur. Karbohidrogen qazlarının yığılması, saxlanması və nəqli zamanı onların fiziki-kimyəvi və reoloji xüsusiyyətlərindən baş verən mürəkkəbləşmələr əsasında yığım-nəql texnoloji sistemində istifadə olunan səhti aktiv maddələrin sərfiyyatının artması və baş verə bilən qəzalar nəticəsində məqsədli məhsulun itkiləri ilə yanaşı, həm də ətraf mühitin ekoloji durumuna xələl gətirir. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, yığım, nəqlə hazırlanma sisteminin normal fəaliyyətinin bərpa edilməsi isə əlavə maliyyə resurslarının sərf olunmasını tələb edir. Beləliklə, həm karbohidrogen itkiləri baş verir, həm ətraf mühit çirkləndirilir, həm də əlavə maliyyə vəsaitlərinin xərclənməsi hesabına maya dəyəri artır.
Qazların yığılması, və nəqlə hazırlanması zamanı sistemdə yaranan çətinliklərin qarşısını almaq üçün yerli kimya məhsulları əsasında hazırlanmış hidrata qarşı metanolun və qaz–metanol–su sistemi absorbent kimi istifadə olunan dietlienqlikol laboratoriya şəraitində tədqiqinin nəticələri barəsində ətraflı məlumatlar verilmişdir. Yeraltı qaz anbarları idarəsinin mədənlərindən götrülmüş nümunələr əsasında aparılmış tədqiqat işlərinin nəticələrinə əsasən demək olar ki, hidratın əmələ gəlməsinə qarşısı metanolun sərfi iş şəraitinə əsasən tələb olunan reagentlərin miqdarını optimallaşdırmaq üçün bir çox imkanlar mövcuddur. Reagentlərə tələbləri düzgün şəkildə proqnozlaşdırmaq üçün sərf olunan səhti aktiv maddələrin qaz və maye fazaları arasında paylanması vacibdir. Qazların nəqlə hazırlanması zamanı tərkibində olan nəmliyi absorbsiya edərək onun şeh nöqtəsini əhəmiyyətli dərəcədə aşağı salınır. Bu zaman absorbent kimi istifadə olunan dietilenqlikol vasitəsilə qazın tərkibində olan maye buxarlarını absorbsiya edərkən, qaz fazasına daxil olmuş metanol da dietilenqlikol tərəfindən absorbsiya olunacaqdır. Növbəti prosesdə isə dietilenqlikolun regenerasiyası qurğusu vasitəsilə metanol tutularaq yenidən istifadəyə verilə bilər. Metanolun qaz fazasından tutulması və həm metanolun özünün, həm də dietilenqlikol absorbenti regenerasiya olunaraq sistemə qaytarılması prosesini həyata keçirilməsi mümkündür.
Açar sözlər: yeraltı qaz anbarlarının, hidrat, metanol, dietilenqlikol, reagent.