Məqalə bulud texnologiyalarının elektron dövlət (e-dövlət) sistemində istifadəsi məsələlərinə həsr olunmuşdur. Son dövrlərdə vətəndaşlar və dövlət qurumları e-dövlət sisteminin xidmətlərindən geniş istifadə edirlər. Bu isə hökumətin e-dövlət sisteminin yeni informasiya texnologiyaları əsasında qurulmasını tələb edir. Digər tərəfdən, təşkilatların öz şəbəkə infrastrukturunu genişləndirmək üçün istifadə etdiyi informasiya-telekommunikasiya avadanlıqlarının qiymətləri yüksəlir və əlavə xərclərə tələb yaranır. Eyni zamanda, e-dövlət sistemində elektron xidmətlərin (e-xidmət) sayının sürətlə artması vətəndaş və dövlət qurumları arasında məlumat mübadiləsinin genişlənməsinə və mürəkkəbliyinə gətirib çıxarır. Bulud texnologiyaları əsasında yaradılan e-dövlət modeli ölkənin iqtisadi və ictimai-siyasi inkişafına, həyat səviyyəsinin yüksəldilməsinə və demokratiyanın inkişafına böyük imkanlar yaradır. Qeyd edilənlərlə əlaqədər olaraq, məqalədə e-dövlət sisteminin səmərəli idarə edilməsi, istifadəçilərin keyfiyyətli xidmətlə təmin olunması və vətəndaş-dövlət strukturları arasında qarışılıqlı əlaqənin səmərəliliyinin artırılması üçün bulud texnologiyalarından istifadə edilməsi təklif edilmişdir. Məqalədə e-dövlət sisteminin qiymətləndirilməsi, e-dövlətin məqsədi, mövcud e-dövlətin istifadəsində meydana çıxan problemlər, bulud texnologiyalarının konsepsiyası, modelləri və xidmətləri analiz və tədqiq edilmişdir. Eyni zamanda, bulud əsaslı e-dövlət sisteminin vətəndaşlar və dövlət qurumları üçün yaratdığı üstünlüklər, problemlər və təhlükəsizlik məsələləri geniş təhlil olunmuşdur.
Sosial şəbəkələrin (SŞ) meydana gəlməsi adi passiv oxucunu kontent iştirakçısına çevirdi. Bu istifadəçilərə informasiya paylaşımı və fikir mübadiləsi aparmaq, eyni zamanda oxşar maraqları olan digər istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq üçün onlayn virtual cəmiyyyətlərdə özlərini ifadə etmək imkanı verdi. Bununla belə, SŞ istifadəçilərin sosial fəaliyyət sahəsini kommersiya fəaliyyət sahəsinə çevirdi. Bu isə SŞ istifadəçiləri üçün məxfilik və təhlükəsizlik problemləri yaradır. SŞ servis provayderləri müştərilərinin fərdi və məxfi məlumatlarını toplayırlar, bunlar da məlumat toplayanlar, üçüncü tərəflər və ya icazəsiz istifadəçilər tərəfindən sui istifadə edilə bilər. Məqalədə təhlükəsizlik və məxfilik problemləri araşdırılmış, SŞ istifadəçilərinin sosial mediadan istifadə etdikləri zaman bu problemlərdən qorunması üçün təkliflər şərh edilmişdir.
Məqalə İKT-yə, informasiyaya, bilik və texnologiyalara əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşmasının bəzi xüsusiyyətlərinə və inkişafı problemlərinə həsr olunmuşdur. Yeni cəmiyyətin və iqtisadiyyatın yaradılması, inkişaf etdirilməsi zərurəti və aktuallığı əsaslandırılmışdır. Postindustrial nəzəriyyələrin istiqamətləri, informasiya, bilik və postbilik iqtisadiyyatları haqqında ümumi məlumatlar şərh olunmuşdur. Postbilik iqtisadiyyatında intellektuallıq amili, bilik və postbilik iqtisadiyyatlarının əsas fərqli xüsusiyyətləri göstərilmişdir. İntellektual iqtisadiyyatın inkişafının əsas baza xüsusiyyətləri və prinsipləri konseptual model formasında sxematik olaraq təklif olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşmasında institusional amillər və əsas problemlər izah olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsi üzrə göstəricilərin işlənilməsinin ümumi istiqamətləri, xarakterləri müəyyənləşdirilmişdir. İntellektual cəmiyyətin və iqtisadiyyatın bəzi müasir inkişaf trendlərinin nəzərə alınması üçün müvafiq təklif və tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq beynəlxalq iqtisadi inkişaf meyllərinə, 4-cü Sənaye inqilabının çağırışlarına müvafiq olaraq intellektual cəmiyyətin və iqtisadiyyatın inkişafı problemlərinin müəyyənləşdirilməsində sistemli yanaşmadan istifadə edilmişdir. Burada statistik analiz üsulları tətbiq olunmuş, müasir İKT texnologiyalarının tələbləri nəzərə alınmışdır. İKT-yə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşması xüsusiyyətləri və inkişafı problemlərinin təhlili əsasında verilən tövsiyələr yeni iqtisadiyyatın fəaliyyətinin səmərəli təşkilində müəyyən töhfələr verə bilər. Təklif olunmuş müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modelinin nəzərə alınması yeni iqtisadi idarəetmədə qərar qəbuluna əlavə imkanlar yarada bilər.
Məqalədə k-means alqortitmi və onun modifikasiyalarının Python mühitində müxtəlif ölçülü verilənlərə tətbiqi məsələlərinə baxılır. Eyni zamanda ənənəvi k-means klasterləşdirmə alqoritmi və onun modifikasıyalarının mövcud vəziyyəti, imkanları, çatışmazlıqları, meydana çıxan problemlər tədqiq edilmiş və onların həlli üçün təkliflər verilmişdir. k-means++ alqoritmi vasitəsilə ənənəvi k-means metodunun başlanğıc mərkəzlərin təsadüfi seçilməsi çatışmazlığı aradan qaldırılmışdır. Mini batch k-means alqoritmi vasitəsilə böyük verilənlər paketlərə bölünməklə analiz edilmişdir ki, bu da böyük həcmli, kompleks verilənlərin analiz prosesini sürətləndirmişdir. Verilənlərin klasterləşdirilməsi zamanı ölçünün azaldılması və klasterlərin optimal sayının tapılması üçün hibrid PCA və elbow metodu təklif edilmişdir. Bu yanaşmanın effektivliyinin qiymətləndirilməsi üçün alqoritmlər müxtəlif ölçülü bir neçə verilənlər çoxluğu üzərində sınaqdan keçirilmişdir. Alqoritmlərin effektivliyinin qiymətləndirilməsi üçün siluet və Devis-Boldin indekslərindən istifadə edilmişdir. Eksperimentin nəticəsi göstərmişdir ki, təklif olunan yanaşma böyük ölçülü verilənlərin klasterləşdirilməsində daha effektivdir. Təklif edilən hibrid PCA və elbow metodu irihəcmli, çoxölçülü verilənlərin emal prosesində böyük hesablama resursları tələb edən məsələlərin həllinə yeni imkanlar yaradır.
Məqalədə fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri araşdırılır. İnformasiya təhlükəsizliyi problemlərinə texnoloji və humanitar aspektdən yanaşmalar təhlil edilir. İnformasiya sistemlərində toplanan informasiyanın, o cümlədən sirr daşıyan məlumatların mühafizəsi, fərdi məlumatların qorunması kimi problemlərin həlli texnoloji üsul və vasitələrlə yanaşı insan faktorundan asılı olduğu üçün informasiya təhlükəsizliyi mədəniyyətinin öyrənilməsi olduqca aktualdır. Bu baxımdan fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif problemlər (informasiya bolluğunun yaratdığı problemlər, informasiya “çirklənməsi” problemləri, fərdi və kütləvi şüurun manipulyasiyası, kibercinayətlər, fərdi məlumatların qorunması, informasiya müharibələri, kiberxəstəliklər və s.) araşdırılır və bu problemlərin aradan qaldırılmasında informasiya təhlükəsizliyi mədəniyyətinin rolu əsaslandırılır. Müxtəlif yanaşmaların təhlili əsasında informasiya təhlükəsizliyi mədəniyyətinin mahiyyəti və tərkib hissələri analiz olunur. İnformasiya təhlükəsizliyi mədəniyyətinin texnoloji, informasiya-psixoloji və hüquqi-etik aspektləri araşdırılır və müəyyən təkliflər verilir. İşin yerinə yetirilməsində analiz və sintez, müqayisə, ümumiləşdirmə, sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr informasiya təhlükəsizliyi problemlərini araşdıran tədqiqatçılar, informasiya təhlükəsizliyi fənnini tədris edən müəllimlər tərəfindən mənbə kimi istifadə oluna bilər.
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.
customersupport@researchsolutions.com
10624 S. Eastern Ave., Ste. A-614
Henderson, NV 89052, USA
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.
Copyright © 2024 scite LLC. All rights reserved.
Made with 💙 for researchers
Part of the Research Solutions Family.