Xülasə-Əşyaların interneti dedikdə müxtəlif əşyaların internet üzərindən bir-birilə əlaqə qura bilməsi başa düşülür. Bunun üçün müxtəlif arxitektur səviyyələrindən istifadə olunur. Məqalədə əşyaların internetinin arxitekturası təhlil edilmiş və əsas səviyyələri (sensor, şəbəkə, tətbiqi) haqqında məlumat verilmişdir. Qeyd edilən səviyyələrdə meydana çıxan bir sıra təhlükəsizlik məsələləri analiz edilmiş və onların həlli yolları göstərilmişdir. Açar sözlər-əşyaların interneti, əşyaların internetinin arxitekturası, sensor səviyyəsi, şəbəkə səviyyəsi, tətbiqi səviyyə, əşyaların internetinin təhlükəsizliyi, virus.
I. GİRİŞİnternet sürətlə inkişaf etməklə, əhatə dairəsini genişləndirməklə, bütün fəaliyyət sferalarına daha dərindən nüfuz etməklə insan həyatına hər gün yeni reallıqlar bəxş etməkdədir [1]. Hazırda internet, insanların gündəlik həyatlarının ayrılmaz bir hissəsinə çevrilmişdir. İnternet istifadəsinin insanlar arasındakı ünsiyyəti, məlumat paylaşmasını və qarşılıqlı təsiri artıraraq gündəlik həyatımızı əhəmiyyətli ölçüdə dəyişdirdiyi artıq qaçılmaz bir gerçəklikdir. Bizi əhatə edən bütün faydalı əşyaların (məişət avadanlıqlarının, elektrik cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat vasitələrinin, istehsal qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi ləvazimatların, mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) İnternet şəbəkəsinə qoşulması "Əşyaların İnterneti" termininin (Internet of Things -IoT) yaradılmasına gətirib çıxarmışdır [1]. Əşyaların İnterneti (Əİ) bizi sürətlə "ağıllı məhsullar"ın bütünlüklə həyatımıza tətbiqinə aparır. Bu gün özümüz də dərk etmədən televizorların, evlərin, sənaye avadanlıqlarının internetə qoşulduğunu görürük. Onlar öz aralarında məlumatları mübadilə edir və bizə göndərirlər. Bunlar həyatımızın rahatlığını təmin edir. Hətta smartfonlar belə internetə qoşularaq öz aralarında şəbəkələr yaradırlar [2].Əİ-nə artıq gündəlik həyatımızın hər bir fəaliyyət sahəsində rast gəlinir. Onlardan əsasən ev, xəstəxana və digər yerlərdə baş verən dəyişikliklərin distant olaraq idarə olunması, yanğınların qarşısının alınması və digər faydalı funksionallığın təmin edilməsi məqsədi ilə istifadə olunur [3]. Əgər hər hansı bir qurğu və ya obyekt internetə qoşula bilirsə onu "Əşyaların İnterneti"-nin bir hissəsi hesab etmək olar. Təəssüf ki, bu qurğuların və əlavələrin (proqramların) əksəriyyəti hakerlər tərəfindən hədəfə çevrilirlər. Aparılan qiymətləndirmələrə əsasən, Əİ cihazlarının 70%-na hücum etmək çox asan olduğu qeyd olunur [4]. Buna görə də, internetə qoşulmuş cihazların hücumlara qarşı müdafiəsini təmin etmək üçün səmərəli bir mexanizmə ehtiyac vardır. Hazırda Əİ cihazlarının təhlükəsizliyini təmin etmək üçün bu problemlərə qarşı mübarizə aparmaq, həmin riskləri minimallaşdırmaq və ya aradan qaldırmaq məqsədilə daha yaxşı metodların hazırlanması istiqamətində bir çox araşdırmalar aparılır.II. ƏŞYALARIN İNTERNETİNİN ARXİTEKTURASI Əİ elektronika, proqram təminatı, sensor və İnternet vasitəsilə məlumatların toplanması və mübadiləsini həyata keç...